Qartal qız -  (HEKAYƏ)

23:36 24.11.2019
Yazını böyüt
Yazını kiçilt

Uca, sıldırım qayalı Karpat dağlarının gündoğar yamacında hər tərəfi qalın fısdıq, vələs meşələriylə örtülmüş balaca bir kənd var. Yerli camaat kəndin ətrafını sarmış iri, göy üzünü çətir kimi tutub torpağı günəş nuruna həsrət qoymuş ağacları doğrayıb yandırdığından çox geniş talalar yaranmışdı. Mal-qara nə qədər yeyib tükətsə də, sarıçiçək və lalələr qurşağa qalxmışdı. Gündüzlər budaqlarda oturub cəh-cəh vuran bülbül və sarıköynəklərin məlahətli nəğməsini gecələr bayquşların, yarasaların adamı vahiməyə salan çığırtısı əvəz eləyirdi.

- Nikola! Nikola!..

Səs günün günorta çağında belə kimsənin təkbaşına cürət edib girə bilmədiyi meşənin qaranlığında sanki boğulub qalırdı - kimsəyə yetişmirdi.

Hər tərəf susmuşdu. Hətta ara-sıra nərildəyə-nərildəyə ov axtaran ayılar da qeybə çəkilmişdi. Koldan-kola hoppanan dovşanları da elə bil yel aparmışdı. Hər şey qaranlığın qapqara zülmətinə bürünüb, beləcə, yuxuya dalmışdı.

- Mırr... Mırr...

Deyəsən canavar idi. Yəqin ovunu yeyirdi. Viktor çiyninə keçirdiyi qoşalülə tüfəngini sol əlinə alıb səs gələn tərəfə tuşladı.

Elə bil ayaqları yerə mıxlandı. Özünü yaandakı o qədər də böyük olmayan ağacın gövdəsinə sıxdı. Qulaqlarını qaranlığa dikib sanki hansısa yırtıcının dişlərində xırçıldayan Nikolanın ərşə ucalan fəryadını dinləyirdi. Köməyə çağırırdı...

Neyləyəsən!.. Hər budağında kabus dolaşan ağacların arasında göz qırpmadan səhərin açılmasını gözləmək gəlirdi. Çünki bu yerlərin vəhşi meşələri insanlarla zarafatlaşmağı heç xoşlamırdı. Gecənin şəri yamanca əzazil, bir az da qısqanc idi. Qoynuna sığınanları sübh şəfəqlərinə verməyi sevmirdi. Rastına çıxan hamını ətli-sümüklü həzm-rabedən keçirirdi.

Viktor kəmərindən asdığı batareya ilə işləyən balaca əl fanarını yandırmaq, mırıltı gələn tərəfə tutub qarşısındakı bədheybəti görmək istədi. Amma tez də fikrindən vaz keçdi. Qorxdu... Fanarın işığı onu təhlükəyə sala bilərdi. Çünki bu meşələrin dörayaqlı sakinləri qarşılarına çıxan nə varsa hamısını qana boyayırdı.

Yoox... Vaxt itirmək olmazdı. Canavarlar mərd olduqları qədər də əzazil idilər. Birdən hücum eləsə... Ola bilər. Güllə atmaq da olmayacaq. Axı, belə qaranlıqda onun hardan şığıdığını görmək mümkün deyildi. Əslində görüb çaxmağı çəkməyin özü də böyük cəldlik tələb edirdi...

Baş sındırmağa vaxt yox idi. Həyatı risqə salmaq olmazdı. Əlləriylə gövdəsinə söykəndiyi ağacın yoğunluğunu yoxladı. Palıda oxşayırdı. Tüfəngini çiyninə keçirdi, gözünə dəyən ilk budaqdan yapışıb ağaca dırmandı. Bəxti gətirmişdi, palıd qollu-budaqlıydı. Az qala üç adam boyu qalxıb qalın, hamar bir budağın üstündə özünə yer edib oturdu və beləcə də mürgülədi.

Viktor qəfil qopan dəhşətli çığırtı eşidib hövlang oyandı. Ayağa qalxmaq istədi, amma ağacda olduğunu xatırlayıb özünü toxtadı. Ətrafını saran budaqlardan yapışıb meşəyə ələnmiş zülmətin içində nə baş verdiyini görüb, bilmək istədi. Amma gözünə nəsə dəymədi. Birdən kəmərinə bərkitdiyi fanarı xatırladı və cəld onu yandırdı.

İndi qorxmurdu. Çünki bir az güvənli yerdəydi. Canavar ora çıxa bilməzdi. Düzdür, ayılar palıdın lap başına da dırmana bilərdi, amma çiynindəki tüfənglə bu təqibdən yaxa qurtarmaq mümkün idi.

Fanarın işığını sağa-sola – hər tərəfə fırladı. Qapqara zülməti yarıb özünə yol açan bu zəif işığın qarşısını kəsən ağacların yoğun gövdələrinin kölgələri çalın-çarpaz kəsişərək nəyisə ayırd eləməyə imkan vermirdi. Fanarı söndürüb kürəyini ağacın gövdəsinə daha bərk sıxdı. Gözlərini yumub uyumaq istədi. Amma yuxusu ərşə çəkilmişdi, yata bilmədi. Sakitcə xəyala daldı. Elə bu vaxt ağacın altında nəsə xışıltı eşidib qulaqlarını şəklədi. Mırıltı-nərilti kəsilmirdi. Qorxudan bədəninə üşütmə düşdü. Yenidən fanarı yandırıb üzüaşağı tuşladı. Aman Allah!... İki cüt göz lampa kimi yanaraq  altdantuxarı ağaca zillənmişdi. İki canavar ağacın dibində quyruqları üstündə çömbəlib Biktorun ətini didmək üçün imkan gözləyirdi.

Dişlərini qıcıyıb ovunu izləyən canavarlara xeyli baxdı. Qulaqlarında Nikolanın səsi cingildədi. Ona bir anlığa elə gəldi ki, həyatda yeganə yaxını, sevincini-kədərini paylaşdığı o sarışın qızın tikə-parça olmuş cəsədi bu yırtıcıların qarnındadır. Özündən asılı olmayaraq tüfəngini qapıb üzüaşağı yırtıcılara tuşladı. Tətiyi çəkən kimi canavarlardan biri yanıqlı-yanıqlı ulayaraq sağ böyrü üstə nəm xəzəlin üstünə sərildi. Digəri isə tüfəngin qulaqbatırıcı səsini eşidən kimi quyruğunu qıçlarının arasına qısıb qaranlığa əkildi.

Viktor fanarın işığını dör bir yana yönəltsə də gözünə nəsə dəymədi. Əyri-üyrü qara kölgələr bir-birinə dolaşaraq nə vardısa – hər şeyi gizlətmişdi. Birtəhər toxtayıb ağacın gövdəsinə sıxılaraq səhərin açılmasını gözləməyə başladı...

Nikola al-əlvan çəmənlikdə lalə toplayırdı. Birdən buludların arasından şığıyan yekə bir qartal əvvəlcə onu caynağına keçirib göylərə qaldırmaq istəsə də, sonradan dəmir kimi möhkəm, iri və əyri dimdiyində tutduğu hər cür çiçəklərdən hörülmüş qeyri-adi çələngi Nikolanın başına qoydu və elə həmin an da buludların arasında qeybə çəkildi. Viktor bunu görcək çəmənliyə - qızın yanına yürümək istədi. Amma...

Qəfil qulağını yırtan civilti onu şirin yuxusundan ayırdı. Sincab idi. Yəqin budaqdan-budağa hoppananda onu görüb qorxmuş, canını qurtarmaq üçün qaçmışdı. Viktor yuxudan ayıldığına əvvəlcə heyfslənsə də, sonradan sevindi. Çünki hava çoxdan işıqlanmış, sübh şəfəqləri bir az əvvəl adamı dəhşətə gətirən kabus dolu zülməti əritmişdi.

Ağacdan enib ətrafı süzdü. Üst-başını səliqəyə salıb, tüfəngini çiyninə keçirdi, pöhrələri yara-yara üzü günçıxana doğru irəlilədi.

Meşə get-gedə daha da qalınlaşırdı. Buralarda nə qədər desən ayı vardı. Kəndətrafı talayla müqayisədə buralarda göbələk, çiyələk, moruq kollarını az-az görmək olurdu. Ona görə də kənd əhlindən buralara kimsə yön almazdı. Amma bir az aralıda nərildəyə-nərildəyə üzüaşağı axan kiçik dağ çayının ətrafına ara-sıra turistlər gələrdi. Hətta qonaqların gəzintisini asanlaşdırmaq məqsədilə çayın üstündən kanat xətti də çəkmişdilər. Bəzən elə olurdu ki, turistlərin başı qarışır, gecəni meşədə qalmalı olurdular. Ona görə də hökumət o tərəflərin bəzi yerlərində taxta-şalbandan qonaq evləri – sığınacaqlar tikmişdi.

                +++

O, dünən taxta evə - sığınacağa çatanda elə yorulmuşdu ki, ayaq üstə dayana bilmirdi. Çırağı yandırmaq istəmişdi, içində yanacaq yox idi. O qədər heysizləşmişdi ki, küncdəki neftlə dolu bidona əhəmiyyət belə verməmiş, divara bərkidilmiş, üstünə boz dəri sərilmiş taxta uzanıb yuxuya getmişdi. Hətta başını o qədər itirmişdi ki, ayının içəri soxulmaq ehtimalının olduğunu bilə-bilə qapının dalını bağlamağı da unutmuşdu.

- Nikola! Nikaa...

Balaca, tozlu pəncərəsi olan otaqda elə sakitlik idi ki, heç elə bil o, içəridə yatmamışdı – ölmüşdü. Nə yaxşı ki, hardansa içəri soxulan balaca bir balarısı dik burnunun üstündə vızhavız dövrə vururdu. Qəfil yanağına qonub yumşaq, buğumlu ayaqlarıyla yazığın şirin yuxusuna zəhər qatdı. Yuxulu-yuxulu əliylə üç-dörd dəfə arını qovmağa səy göstərsə də, alınmadı. Əzgin-əzgin gözlərini ovuşdurub birinci dəfə görürmüş kimi maraqla ətrafı süzdü.

- Nika... Nikoletta...

Vəhşi təbiətin kimsəsiz ənginliyində əriyən səsi o da eşitdi. Diksinib yerindən sıçradı, özünü tozlu şüşəsindən çöl güclə seçilən pəncərənin qabağına atdı, qulaqlarını şəkləyib göz işlədikcə ağaclığa zilləndi.

Səs yenidən qulaqlarında cingildədi. Özüdür ki var, kimsə sığınacağa yaxınlaşırdı. Bədəni üşündü. Görəsən kimdir? Bəlkə... Milislər... Yoox, milis olsaydı səsini çıxarmazdı, pusqu qurub xəlvəti tutardı onu. Fikirləşməyə vaxtı yox idi, açıq qapıdan özünü atdı meşəyə. Ağacların, pöhrələrin sıx yerinə girib dörd gözlə sığınacağın həndəvərinə zillənib gözləməyə başladı.

Səs getdikcə daha yaxından eşidilirdi. Yaxınlaşdıqca da o, sıxılır, balacalaşır, pöhrələrin dibinə qısılıb əriməyə çalışırdı.

Viktor sığınacağın düz qabağına gəlib tüfəngini əlinə aldı, yarıaçıq qapıdan içəriboylanmaq istədi, amma bir şey görə bilmədi. Qulaqlarını şəkləyib, təlaşla ətrafı nəzərdən keçirdi. Uzaqdan coşqun Olt çayının gurultusu, bir də torpağı gün işığına həsrət qoymuş iri çətirli ağacların budaqlarına qonub şirin-şirin cikkildəyən quşların səsindən başqa nəsə eşidə bilmədi. Tüfəngini qabağa verib sığınacağın balaca, taxta artırmasına qalxdı. Qapıdan içəri boylandı, tam sakitlik idi. Ayaqlarını sallayıb pilləkəndə oturdu.

-  Ay Nika, ay Nikaa... – mızıldanaraq yumruğunu hirslə taxta döşəməyə çırpdı. Əsəbindən dişi dodağını gəmirirdi, rəngi qapqara qaralmışdı.

- Bu qız hara yoxa çıxdı, - deyindi.

- Qoq-qoq-qoq...

On beş-iyirmi addım qabaqda elə bil fırtına qopmuşdu. Səsindən qırqovula oxşayırdı. Amma nəsə qurşağa qalxmış qıjıları, adamboyu yüksələn pöhrələri yara-yara uzaqlaşırdı. Həlbət çaqqal, ya da tülküydü, yazıq quşu tutmuşdu, - fikrindən keçirdi. Tüfəngini tuşlayıb məqam gözləməyə başladı. Amma yoox!.. Ay aman, nə tülkü... Adama oxşayır. Həə, özüdür ki, var, - Viktor qıjıların arasıyla əyilə-əyilə qaçan kiminsə qəfil dikələn başını görüb artırmadan yerə atıldı, var gücüylə onun arxasınca götürüldü.

-  Ay adam, kimsən, dayan! – bağırdı.

Kimə deyirsən, heç elə bil eşitmirdi, qaçıb canını qurtarmağa çalışırdı. Viktor da keçi kimi inadkar idi. Yorğunluqdan ayaqları sözünə baxmasa da, tənbəllik eləmirdi, qaçıb ona çatmağa çalışırdı. Qəfil naməlum adamın “ayy” deyərək zarıyıb yerə çırpılması Viktoru elə sevindirdi ki, bir anın içində qartal ovuna şığıyan kimi özünü atdı onun üstünə. Yazıq üç adamboyu dərinlikdə, amma xeyli geniş çalaya yuvarlanaraq, ikiəlli sol böyrünü tutub torpağın üstündə qıvrılırdı.

- Nika! – Viktor heyrət içində bağıraraq onun yanına – çalaya atıldı, qucaqlayıb bağrına basdı, saçını oxşayıb, üstünün tozunu çırpdı.

- Dəli olmusan, nə eləmək istəyirsən!? Hara, kimdən qaçırsan, bu kimsəsiz, vəhşi meşədə təkbaşına qalmaq bilirsən nə deməkdir!? Günün günorta vaxtı zəhmindən adamın bağrı çatlayır, o ki qaldı gecə...

Nikoletta səsini çıxarmadan başını Viktorun sinəsinə sıxıb hıçqırırdı. Sir-sifəti çürüntü iyi qoxuyan mamırlı xəzəlin qapqara çirkabına bulaşmışdı. Özünü elə itirmişdi ki, hətta yuxarıda ağacın gövdəsinə dəyib əzilən böyrünün ağrısı da yadından çıxmışdı. Nə edəcəyini bilmirdi. Viktorun yanında o qədər xəcalətliydi ki, gözlərini açmağa belə cürət etmirdi.

- Nika, sən kəndimizin qartal qızısan. Buralar Rumıniyanın ən uca yerləridir... Ona görə də qürurumuz dəmir kimidir, dönməzdir. Ağlını başına yığ, qayıt evə.

- Heç vaxt! – Qorxudan titrəyən Nikoletta Viktorun qoynuna sığındı.

- Axı niyə, nədən qorxursan? Hərəmizdə bir can var, onu da Allaha borcluyuq.

- Onlar məni axtarır, tutslar güllələyəcəklər, - ağlamağa başladı.

-  Milis səni tuta bilməz! Niyə də tutmalıdır, bəyəm cinayət törətmisən?

- Niyə başa düşmürsən, mən camaatı hakimiyyəti devirməyə səsləmişəm. Bax, SSRİ dağılır. Özü də bunu sadə camaat yox, bir başa prezident Qorbaçov edir. Amma bizdə... Çauşevski diktatura rejimi qurub, iyirmi iki milyonluq xalqı ölüm qorxusunda saxlayır. Bir kəlmə açıq söz demək istəyənin dilini dibindən kəsdirir. Azmı adam əlli-ayaqlı yoxa çıxıb? Başa düşürsən, bu iyrənc rejimin qaydalarına boyun əyməkdən bezmişəm. Mən azad yaşamaq istəyirəm – istədiyim kimi!

- Biz də sən deyəni deyirik, - Viktor onu sakitləşdirməyə çalışdı – hamımız sakit, təmtəraqlı günlər yaşamaq arzusundayıq. İstəyirik ki, xalq hakimiyyətə nəzarət eləsin, hakimiyyət xalqa yox. Amma hər şeyi əvvəlcədən, dərindən düşünmək, planları ölçüb-biçmək vacibdir. Necə deyərlər, nə şiş yansın, nə kabab, - Viktor dedi.

Ani sükut yaranmışdı: ne Viktor dinirdi, nə də Nikoletta. Sanki danışmağa sözləri qalmamışdı. Başlarını aşağı salıb dayanmışdılar.

- Nika, - Viktor onun düz gözlərinə zilləndi, - hara gedirdin? – soruşdu.

- Sibiuya... Düzünü desəm, orda da ələ keçməyəcəyimə inanmıram. Amma yox, getməliyəm! Fikrim qətidir, lap öldürsələr də gedəcəyəm! – Nikoletta amiranə tərzdə cavab verdi.

- Sibiuda kimin var, Nika? Cavan qızsan, küçələrdə qalacaqsan? Kənddən getmək istəyirsən, paytaxtda bibin yaşayır, bəlkə onlara...

- Heç səndən gözləməzdim! – Nikoletta etiraz etdi. - İndicə özün dedin ki, bu yerlərin qartal qızıyam. Qəribədir, - dodaqaltı qımışdı, - qartalın qorxduğu nəsə var? Yuvası zirvələr, oylağı göyün ənginlikləridir. Həmişə ən ucada süzür və başının üstündə yalnız Allahın əzəmətini hiss edir.

- Lovğalanmağın vaxtı deyil! Günün günorta vaxtı camaatın içində adamın alnının ortasından atırlar, yazığın qanı batır. Qartal... Qartalın qanadlarını elə qırmayıblar ki, bir də özündə təpər tapıb pərvaz eləsin, - başını buladı.

- Ehh...

- Nika, evdə bilirlər?.. – Viktor heyrətlə ona baxdı.

- Hə! Daha doğrusu, Buxarestdə yaşayan rəfiqəmgilə gedirəm demişəm. Amma, - istehzayla gülümsədi, - sən Nikanı nə bilmisən, heç əsl ünvanı deyərəm... Ürəyimdə Timişoaranı nəzərdə tutmuşdum, amma fikrimi dəyişmişəm, Macarıstanla sərhədə - Arada gedirəm.

- Arada? Qohum-əqrəbadan kiminsə var orda?

- Keçmiş tələbə yoldaşlarımdan biri orada yaşayır. Adı Mehaydır. Əla qızdır, müasir fikirlidir. Hələ Buxarestdə universitetdə oxuyanda Çauşevskinin uzunmüddətli hakimiyyətinin fəsadlarından, Britaniya, Almaniya, İtaliya kimi ölkələrin seçki sisteminin Rumıniyada tətbiqinin mümkünlüyündən danışırdı. Buna görə də məktəb rəhbərliyi yazığı gözümçıxdıya salmışdı. Qovulacaqdı, amma dekanımız yaxşı adam idi, onu zaminə götürdü. Rektorluq da antihakimiyyət təbliğatı dayandıracağına dair dilindən iltizam aldı.

- Birdən milislər səni axtarsa, atangili incidib yerini soruşsa...

- Deyərlər paytaxta işləməyə getmişəm, evlə də əlaqə saxlamıram, - Nikoletta arxayın tərzdə cavab verdi.

Sanki meşənin nitqi tutulmuşdu. Başqa vaxtlar ayı, dovşan əlindən tərpənmək olmurdu, indi hamısı qeybə çəkilmişdi. Sadəcə, ara-sıra quşların qarışıq cəh-cəhi, bir də uzaqdan iti sürətli dağ çayının şırıltısı eşidilirdi. Elə bil rütubətli, yarıqaranlıq meşə Viktorla Nikolettanın ixtiyarına verilmişdi ki, nədən danışdıqlarını duyan olmasın.

- Nika, - Viktor ehmalca əlini onun çiyninə qoydu, - bəlkə Kluj-Napokaya gedəsən. Orda xalam yaşayır. Özüm apararam, qalarsan onlarda. Səni öz qızlarından ayırmayacaqlar. Yerini anana da deyərəm ki, narahat olmasın.

- Yoox, lazım deyil, - Nikoletta çiyinlərini çəkdi, - adama nə deyərlər...

- Nika, kənddə hamı bilir ki, sən mənim nişanlımsan, həyat yolumuz birdir. Bir Allah şahiddir ki, evdən getdiyini eşidəndə necə sarsıldım. Özü də məndən xəbərsiz!.. Yüyürüb özümü sizə çatdıranda anan gözünün yaşını tökürdü. Nə yaxşı ki, qonşunuz İvanın ortancılı İon sənin bu tərəflərə səmt aldığını görübmüş. Bilirsən, sən meşəyə girəndə o da buralarda ovlamağa dovşan axtarırmış...

- Ay səni, İonuşka! – Nikoletta qonşusunun qarasınca deyindi.

- Nədir, yoxsa səni tapdığıma təəssüflənirsən? – Viktor ciddiləşdi, - Dünya dağılsa da, səndən bir addım belə aralanan deyiləm. Hara lazımdır, birlikdə gedəcəyik. – dedi.  

- Vika!..

- Səni kəndə qaytarmaq fikrində deyiləm. Amma dediyimdən də dönməyəcəm!

- Olsun! Birdən ələ keçsəm? Bir yerdə görüb elə bilməzlərmi ki, məni sən qaçırmısan?

- Tutacaqlar, - hah-hah-ha – ucadan qəhqəhə çəkdi. – Nə deyib tutacaqlar, öz halalca nişanlımla yol getdiyim üçün? Ehh... Sənin yolunda ölməyə də hazıram, - Viktor onun qızılı saçlarını tumarladı.

- Sağ ol, - Nikoletta soyuqqanlı şəkildə deyib, çətinliklə də olsa, ayağa qalxdı.

Üst-başının tozunu çırpıb təmizləyə-təmizləyə:

- Elə isə oturmayaq, meşədən çıxıb Sibiuya getməyimə kömək elə. Ordan məni avtobusla, ya da qatarla Arada yola salıb qayıdarsan kəndə. Amma özünü elə apararsan ki, yerimi bildiyini kimsə başa düşməsin. Sənə telefon nömrəsi verərəm, arabir gəlib taparsan, görüşərik. Narahat olma, tutulunca birtəhər başımı girləyərəm, - deyə yıxılanda ətrafa diyirlənmiş göy rəngli berezetdən tikilmiş yol çantasını götürmək istədikdə,

- Sən dəymə, mən özüm... – Viktor cəld çantanı götürüb çiyninə aşırdı. Nikolettanın əlindən tutub qıjıları yara-yara üzü şimala yollandılar.

Kənddə bir vurhavur düşmüşdü ki, gəl görəsən. Milis hər yeri ələk-vələk edərək Nikolettanı axtarırdı. İki gün idi ailəsini, qohum-qonşularını sorğu-suala tutmuşdular. Amma nə faydası var, kimsə onun yerini bilmirdi ki, milisə deyib canını qurtarsın. Düzdür, Viktor onun hara getdiyini anasına demişdi, amma o da qızını ələ verməmək üçün səsini içinə salıb susurdu. Milisə də deyirdi ki, guya qızı işləmək üçün Buxarestə gedib.

Kənd sakinləri arasında təhlükəsizlik idarəsi agentlərinin olduğu hamıya bəlliydi, amma kimlərdir, kimsə bilmirdi. Gözlərini, qulaqlarını dörd açıb işıq ucu axtarırdılar. Hansı tinə-bucağa baxırdın, yığışıb Nikolettanın qeybərini qırırdılar. Kənd əhli uşaqdan böyüyə, hamı onun yerini öyrənib milisə demək, əvəzində beş-on ley qazanmağa çalışırdı.

Viktora əhsən, polad kimi möhkəm idi. Ətini tikə-tikə doğrasaydılar da bir kəlmə qopara bilməzdilər. Özü də altdan-altdan səfərə hazırlaşırdı. Neçə gün idi Nikolettanı görmürdü. Rəfiqəsigilə necə getdi, çatıb-çatmadı, xəbərsiz idi. Yaxşı ki, getdiyi evin telefonunu ona vermişdi. Hər halda əlaqə saxlayıb hal-əhval tuta biləcəkdi.

Viktor çantasına bir-iki dəyişək paltar, bəzi lazımlı şeylər qoyub yol tədarükünü gördü. Buxarestdə yaşayan bibisigilə gedəcəyini hələ axşamdan evdəkilərə demişdi. Ona görə də anası gecə yarıyadək onun üçün bir az qoğaldan-zaddan bişirmişdi ki, qonaq gedir, sovqat aparsın.

Viktor əvvəldən danışdığı kimi, yeddi-səkkiz ev aralıda yaşayan keçmiş sinif yoldaşı İvanın maşınını Sibiunun mərkəzində yerləşən Şura qülləsinin qabağına sürdürdü. Sağollaşıb ayrılandan sonra iz azdırmaq üçün  taksi tutub birbaşa avtovoğzala gəldi.

Deyəsən özünü vaxtında çatdırmışdı. Arada gedən yarıdolu avtobusun sürücüsü boğazını yırta-yırta hələ də sərnişin çağırırdı. Paytaxta gedən qırmızı rəngli “İkarus”un yanında dayanıb ətrafı diqqətlə nəzərdən keçirdi. Tanış-bilişdən kimsəni görməyib cəld Arada gedən avtobusa tərəf götürüldü. Heç biletin qiymətini də soruşmadı, özünü atdı içəri...

                           +++

... Ölkənin hər yerində çaxnaşma yaranmışdı. Buxarestdə, Konstansada, Yassıda, Timişoarada, Kluj-Napokada – Rumıniyanın bütün şəhərlərində qiyam qaldırmış xalq prezident Çauşevskinin istefasını tələb edirdi. Kommunist diktaturasını yıxıb yerində demokratik demokratik sistem yaratmaq istəyən kütlə gecə-gündüz meydanlarda mitinqlər keçirməkdəydi. Xalqın mübarizəsi o qədər güclüydü ki, Çauşevskinin hədə-qorxuları, hətta ordunu camaatın qabağına çıxarması belə nəticə vermirdi. Bu yandan da SSRİ dağılmaqdaydı. Artıq Rumıniyanın tarixi ərazisi sayılan Moldova müstəqilliyini elan etmiş, sadə insanlar arasında iki dövlətin birləşdiriləcəyinə dair söhbət yayılmışdı. Ona görə də Çauşevski hökuməti öz başının hayındaydı.

Nikoletta hələ kəndə qayıtmamışdı. Buna baxmayaraq, dörd divar arasında da oturmamışdı. Günü Aradın meydanlarında – mitinqlərdə keçirdi. Sevindiyindən yerə-göyə sığmırdı. Necə olmasa, çoxdankı arzusu gerçəkləşirdi, kommunistləri hakimiyyətdən süpürüb atırdılar...     

Milis daha siyasi əqidəsinə görə adamları cəzalandırmırdı. Çünki bunun üçün onlara “əhsən” deyəcək, rütbələrini artıracaq vəzifə sahiblərinin başı qarışmışdı, indiyədək yığdıqlarını yerbəyer eləməkdəydilər. Ona görə də yük düşmüşdü aşağı çinlilərin. əsasən də sıravi milislərin boynuna. Onların arasında da bəzi nankorlar imkan düşən kimi “dərə xəlvət, tülkü bəy” məsəlinə uyğun olaraq ən adi şey üstündə adamları qorxudub, pul qoparırdı.

Nikoletta kəndə qayıda bilərdi, amma sahə müvəkkilindən çəkinirdi. Hər halda Çauşevski də, komandası da hələ hakimiyyətdəydi, medan onlarınkıydı. Özü də qəzəbli vaxtlarıydı deyə daha təhlükəli olmuşdular. Bu səbəbdən də Nikoletta gözləməyi qərara almışdı. Hər halda mübarizəni sonadək davam etdirmək lazım idi.

Yeri də pis deyildi. Rəfiqəsinin yanında öz evlərindəkindən də yaxşı yaşayırdı. Bəxti bir şeydə də gətirmişdi – milis onu tutmaq üçün ölkə üzrə axtarış verməmişdi. Ona görə də özünü çox rahat hiss edirdi.

-  Nika, axşamüstü mitinqə gedəcəksən? – Mehay əlindəki ikiyə qatlanmış qəzeti masanın üstünə atdı.

- Niyə də yox, mənim işim elə budur da, - Nikoletta gülümsəyərək çiyinlərini çəkdi.

- Axı bir azdan Viktor gələcək.

- Gəlsin... O da mənimlə gedər. Sən Vikanı yaxşı tanımırsan, Çauşevskini yıxmaq üçün dəridən-qabıqdan çıxır.

- Bütün hallarda qonağımızdır, ona ev qulluğu göstərmək lazımdır.

Mehayla Nikolettanın çox yaxın rəfiqəsi idi. Olduqca səmimi qız idi, həm də ucaboy. Sarışın, şirindil. İngilis, rus dillərini də mükəmməl bilirdi. İndi də başlamışdı türkcə öyrənməyə və hətta sərbəst danışırdı. Rumıniyada doğulsa da, nənə-babası müharibə vaxtı Yassıya Moldovadan köçmüşdü. Sonradan atası işlə bağlı Arada göndərildiyindən bu şəhərdə yaşayırdılar.

-  Çox uzaqdan gəlir eyy, Antarktidadan... – Bayaqdan onlara qulaq asan rəfiqələri Kristina şaqqanaq çəkdi.

Gülə-gülə Nikolettanın, həm də Mehayın reaksiyasını öyrənmək üçün onlara baxan Kristina ədalı tərzdə sözünə davam etdi:

- Sən buna bir bax, elə bil orta əsrlərdə yaşayır. İstəyər bizimlə mitinqə gedər, istəməz oturar evdə. Yemək-içməkdən nə istəsə, soyuducuda var.

- Yaşa, əsl mənim adamımsan, - rəfiqəsinin sözü Nikolettanın ürəyinə yağ kimi yayıldı.

Qapının zəngi uzun-uzadı çaldı. Hər kim idisə, yaman səbiriz idi. Elə bil avtomatın qabağına qatıb qovurdular - barmağını zəngin düyməsindən çəkmirdi.

- Nədir, dünya dağıldı, gəlirəm, - bir az həyəcanlanan Mehay qapıya yaxınlaşdı. Cəftəni çəkib, açan kimi özünü içəri atan Daniel – o, Mehayın xalası oğlu idi - salamsız-kəlamsız:

- Televizora niyə baxmırsınız? – soruşdu.

Təəccübündən Kristinanın gözləri böyüdü. Heç nə başa düşmədi, matı-mutu qurumuş halda arxada dayanan Nikoletta ilə Mehaya baxıb, çiyinlərini çəkdi. Elə bil Danielə də bu lazımmış. Ayaqqabılarını soyunub sanki öz evindəymiş kimi qonaq otağına yüyürdü, televizoru yandırıb yandakı stulu altına çəkdi.

Axır ki, qızların dili açıldı. Hərə bir tərəfdən nə baş verdiyini soruşsa da, o, dilinə qıfıl vurmuşdu. Sanki qızları eşitmirmiş kimi maraqla kanalları dəyişməyə başladı. Axır ki... Hə, budur, yeni qüvvələrin qələbəsi!... Daniel əlinin işarəsilə qızlara efirdə gedən canlı yayımı göstərib:

- Elə bil dünya onun idi, nə Allahı tanıyırdı, nə də bəndəni. İndi görərsən!... – deyindi.

Buxarest təlatümə gəlmişdi. İnsan kütləsi meydanlara sığmırdı. Bu böyük şəhər qəzəbdən tir-tir titrəyirdi. İzdiham kommunist liderlərin əzəmətli heykəllərini uçurub-dağıdır, şəkillərini cırıb-yandırırdı. Artıq mərkəzi televiziya və radio, ordu, milis – bütün dövlət kütlənin nəzarətindəydi. Çauşevski devrilmişdi...

                       +++

Karpat dağlarının qoynunda əsl yaylaq havası vardı. Burada təbiət sanki keçmişi yaşayırdı. Sıldırımlı yamaclara yamyaşıl donunu geyindirən meşələr, köpüklənə-köpüklənə axan itisulu dağ çaylarının nəriltisi, dörd gözlə ov axtaran ayılar, canavarlar, tülkülər, talalarda dizə qalxan otların arasıyla hoppana-hoppana ora-bura qaçan dovşanlar, cürəbəcür quşlar, gecənin qoynunda pərvazlanan yarasalar – hər şey əvvəlki kimi vardı.

Nikoletta evlərinə qayıtmışdı. Neçə vaxtdan bəri kənddən getdiyi üçün uşaqdan-böyüyə hamı onu görməyə gəlmişdi. Atası Adrian dayı sevindiyindən nə edəcəyini bilmirdi. Yaxşı ki, həmkəndlisi və uzaq qohumu, Viktorun atası Georgi yanındaydı. Bir çətinlik hiss edən kimi harayına yetişir, işini asanlaşdırmaq üçün əlindən gələni edirdi. Viktor da ki, ağıllı oğlan idi, yeri gələndə dükan-bazara gedər, alış-verişlərini edirdi. Hə, ösz yerinə çəkər, bir dəfə Georgi Nikolettanı oğluna nişanlamaq istədiyini Adrian dayıya eşitdirmişdi. Amma o, qızın özüylə məsləhətləşməyi vacib sayıb, söhbəti ara sakitləşən bir vaxta saxlamışdı.

Aradan üç gün keçmişdi. Yerli sahə müvəkkili Nikolettanı yanına çağıraraq sorğu-suala tutmuş, Çauşevskinin kənddəki Mədəniyyət Sarayının divarından asılmış portretini niyə qoparıb atdığının səbəbini soruşmuş, sonradan hara getməsi, nə işlə məşğul olması ilə maraqlanmış, dilindən yazılı iltizam almışdı. Nikoletta da hər şeyi olduğu kimi milisə danışmışdı.

Əslində, Nikolettanı tutmaq fikrində deyildilər. Sahə müvəkkili qızı əmin eləmişdi ki, siyasi əqidəsinə görə kimsə ona bir söz deməyəcək. Bu dindirmə sadəcə, barəsində açılmış cinayət işini bağlamaq üçün lazımdır. Buna baxmayaraq, Nikoletta milisə çağrılanda Viktor əlüstü Araddakı dostlara, Buxarestə - aparıcı siyasi partiyalardan birinin liderinə zəng vurub məlumat vermişdi. Ona görə də yeni rəhbərlik rayon milisindən təcili izahat istəmişdi. Məsələyə xitam verilən günün axşamı isə Georgi arvadını yanına alıb Adrian dayıgilə Nikolettanın elçiliyinə gəlmiş, onu Viktora nişanlamışdı. Özləri də qərara almışdılar ki, toyu gecikdirməsinlər, ayın axırınadək eləsinlər. Elə həmin gündən də qohumlar toya tədarük görür, çığırılacaq qonaqlar üçün dəvətnamələr hazırlayırdı. Nikoletta Buxarestdə, Kluj-Napokada, Timişoarada, Yassıda, Aradda, Feqeraşda – hər yerdə yaşayan qohumlara, dostlara zəng vurub, xəbər vermişdi.

Nikoletta kəndin günbatanındakı kartof becərilən talanın kənarında ümidini gələcəyə bağlayan iri vələs ağacının altında, acılı-şirinli keçmişi kimi gün-gündən çürüyüb-əriyən kötüyün üstündə oturub fikrə getmişdi. Nələr görmüşdü yaşadığı bu qısa həyatda!.. Bütün sinif uşaqları sözü bir yerə qoyub məktəbdən məhz bu ağacın yanına gələr, tər-suya dönənədək ora-bura qçıb oynayır, əvəzində də evə qayıdan kimi analarından bir-iki kötək yeyərdilər. Amma yenə də özlərinə yığışmazdılar.

Nikoletta hələ səkkizinci sinifdə oxuyarkən Viktorla sevişməyə başlamışdı. Əvvəl çox sadə münasibətləri vardı, sonradan dərinləşdi. Çoxları onlara həsəd aparırdı, hər ikisi məğrur, heç nədən qorxmayan, dəmir iradəliydi.

Onu birdən yersiz gülmək tutdu. Yadına nəsə düşmüşdü. Həə, kənd soveti sədrinin oğlu Vasili ona vurulmuşdu. Kartof yığımı vaxtı elə bu ağacın altında fürsət tapıb ürəyini açmışdı. Amma Nikolettadan rədd cavabı alanda kişiləşərək onu qucaqlayıb, öpmək istəmişdi. Ay səni, Nikoletta, yumruğunu gədənin sol gözünün altına necə tutuzdurmuşdusa, qaraltısı on gün çəkilməmişdi. Hələ yaxşı ki, yaxınlıqda kartof yığan qonşu qadın araya girmişdi, Yoxsa Allah bilir nələr olardı.

Kənddən getdiyi günü xatırladı: hər sinəsinə döyən kişinin günün günortasında əlitüfəngli girə bilmədiyi meşədə iki gün qalmışdı. Nədir-nədir Çauşevskinin portretini cırıb. Başını qaldırıb göylərə zilləndi. Ənginliklərə uzanan xəyali yolu kəsəcək bir dənə də olsun bulud görünmürdü...

                                                          2007-ci il

Vüsal Tağıbəyli